2012-ci ildə Ankara ilə PKK arasında başlamış sülh danışıqlarından sonra dünən ilk dəfə Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri ölkənin cənub-şərqində yerləşən Hakkari vilayətində Kürd Fəhlə Partiyasının (PKK) mövqelərinə hava zərbələri endirib. Bu barədə “Hürriyyət” qəzeti məlumat verir.
Türkiyə hərbçilərinin bəyanatına əsasən, bu əməliyyat Hakkaridə hərbi postun dəfələrlə atəşə tutulmasına cavab olaraq baş tutub.
Oktyabr ayında kürdlər Türkiyənin bir çox şərq rayonlarında, o cümlədən İstanbul da daxil olmaqla, bir çox böyük şəhərlərdə etiraz aksiyalarına çıxmışdılar. Nümayişçilər Ankaranı “İslam dövləti” döyüşçülərinin (İŞİD) Türkiyə ilə sərhəddə yerləşən və kürdlərin məskunlaşdığı Suriyanın Kobani şəhərinə hücumuna laqeyd münasibət göstərməkdə ittiham edirdilər.
Xəbər verildiyi kimi, Kobani şəhərində qızğın döyüşlər Ankaranı sərhədə qoşun toplamağa vadar edib. Ancaq Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, Türkiyə yalnız öz qüvvələri hesabına İŞİD-ə qarşı yerüstü əməliyyatlara başlamaq niyyətində deyil.