2014-cü ilin dekabr ayında Bakıda Azərbaycan-Ukrayna biznes forumunun keçirilməsi planlaşdırılır. Bu barədə Ukrayna Ticarət-Sənaye Palatasının prezidenti Gennadi Çijikov Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevlə görüşündə bildirib.
ASK-nın məlumatında qeyd edilir ki, biznes forum İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə keçiriləcək.
Görüş zamanı tərəflər iki ölkənin sahibkarları arasında kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, İKT üzrə əməkdaşlıq perspektivlərini, logistika mərkəzlərinin açılması imkanlarını müzakirə ediblər.
Tərəflər yeni əməkdaşlıq müqaviləsinin imzalanması haqqında razılığa gəliblər.
ASK 1999-cu ilin mart ayında təsis olunub. Hazırda 5 mindən artıq şirkət və 50 müxtəlif sahibkarlar birliyi onun üzvüdür.
A.Axundov