Bakı Azərbaycan və Ermənistan dövlət başçılarının Parisdə keçiriləcək görüşdən Qarabağ nizamlanmasında irəliləyiş gözləyir. Bu barədə çərşənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fələstin XİN başçısı Riyad əl-Maliki ilə Bakıda keçirdiyi birgə brifinqdə bəyan edib.
“Oktyabrın sonunda Parisdə görüş keçiriləcək, onun tarixi məlumdur və hər iki tərəf bu görüşdə iştiraka razılıq verib”, - deyə E.Məmmədyarov bildirib.
O vurğulayıb ki, Azərbaycan Qarabağa dair sülh sazişinin hazırlanması üzərində işə başlamaq istəyir və Ermənistan tərəfindən eyni qərarı gözləyir.
“Mövqeyimiz budur ki, biz böyük sülh sazişi üzərində işə başlamaq istəyirik. Bunun üçün işğal altında olan ərazilərdən qoşunların çıxarılması və məcburi köçkünlərin doğma yurdlarına qayıtması ilə bağlı məsələləri həll etmək lazımdır”, - deyə o vurğulayıb və deyib ki, ekspertlər səviyyəsində bu sazişin hazırlanması nəzərdə tutulur. Nazirin sözlərinə görə, “Azərbaycan bu prosesin başlanmasına razılıq verib və erməni tərəfindən analoji qərar gözləyir”.
“Əgər onlar müsbət cavab verərlərsə, o zaman ekspertlər səviyyəsində saziş üzərində işləməyə başlayacağıq”, - deyə E.Məmmədyarov bildirib.
R.Babayev