Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsi parlamentə təqdim olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə parlamentdən məlumat verilib.
Layihəyə əsasən, 2015-ci ildə dövlət büdcəsinin gəlirləri 19 mlrd. 438 mln. manat (2014-cü illə müqayisədə artım 5,7%), xərcləri 21 mlrd. 100 mln. manat (artım 5,2%), kəsiri 1 mlrd. 662 mln. manat və ya ÜDM-in 2,77%-i səviyyəsində proqnozlaşdırılır.
Gələn ilin dövlət büdcəsi bir barel neftin $90 məbləğində orta qiyməti əsasında hazırlanıb.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 mlrd. 112 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 1 mlrd. 590 mln. manat, Dövlət Neft Fondundan transfertlər 10 mlrd. 388 mln. manat səviyyəsində proqnozlaşdırılır, qalanı digər gəlirlərin payına düşür.
ƏDV üzrə daxilolmalar 3 mlrd. 456 mln. manat, mənfəət vergisi üzrə 2 mlrd. 211 mln. manat, fiziki şəxslərdən tutulan gəlir vergisi üzrə 982 mln. manat, aksizlər üzrə 684 mln. manat səviyyəsində nəzərdə tutulur.
Bundan başqa, dövlət büdcəsinə əmlak vergisi üzrə 148 mln. manat, torpaq vergisi üzrə 48 mln. manat, sadələşdirilmiş vergi üzrə 145 mln. manat, yeraltı sərvətlər vergisi üzrə 116 mln. manat, gömrük rüsumları üzrə 348,4 mln. manat məbləğində daxilolmalar nəzərdə tutulur. Qalan məbləğ digər vergi və ödənişlərin payına düşür.
Xərclərin strukturunda ümumdövlət xərcləri 2 mlrd. 46,5 mln. manat, müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat, təhsil xərcləri 1 mlrd. 711,2 mln. manat, sosial müdafiə və sosial təminat xərcləri 2 mlrd. 40,5 mln. manat, səhiyyə xərcləri 777,7 mln. manat məbləğində nəzərdə tutulub.
Bundan əlavə, 2015-ci ildə dövlət əsaslı vəsait qoyuluşları 6 mlrd. 930 mln. manat, dövlətin xarici borclarına xidmətlə bağlı xərclər 703 mln. manat səviyyəsində proqnozlaşdırılır. Qalan məbləğ digər xərclərin payına düşür.
Azərbaycanın 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri 20 mlrd. 63 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 679 mln. manat və ya ÜDM-in 2,87%-i səviyyəsində proqnozlaşdırılır.