Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılması haqqında Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış hökumətlərarası sazişə yeni iştirakçılar qoşula bilər. Belə bəyanatla nəqliyyat naziri Ziya Məmmədov çıxış edib.
“Layihə yeni iştirakçılar üçün açıqdır”, - deyə Z.Məmmədov cümə axşamı Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” adlı beynəlxalq konfransda zamanı bildirib.
Onun sözlərinə görə, layihə uğurla həyata keçirilir, hazırda Türkiyə ərazisində 75,6 km sahənin tikintisi, Gürcüstanda 183 km-lik sahənin tikintisi və yenidən qurulması, Türkiyə-Gürcüstan sərhədində isə 4,5 km uzunluğunda tunelin tikintisi aparılır.
2014-cü ilin sonunda dəmir yolu xətti üzrə ilk sınaq qatarı xəttə buraxılacaq. Layihə 2015-ci ildə istismara veriləcək”,- deyə nazir qeyd edib.
O bildirib ki, dəmir yolu istismara verildikdən sonrakı ilk 3 ildə yükdaşımaların həcmi 3 mln. ton, növbəti 5 il ərzində 5 mln. ton və daha çox, 10 il sonra isə 10 mln. ton və daha artıq səviyyədə proqnozlaşdırılır.
Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılması haqqında hökumətlərarası saziş 2007-ci il fevralın 7-də imzalanıb.
A.Axundov