Türkiyə tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin (BTC) ölkə ərazisindən keçən hissəsinin tikintisi çərçivəsində işlərin 83%-ni icra edib. Bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan məlumat verib.
“Türkiyə hissəsinin tikintisi cari ilin sonuna kimi başa çatacaq”, - deyə L.Əlvan cümə axşamı Bakıda keçirilən “Bakı-Tbilisi-Qars dəmir yolu xətti – Tarixi İpək Yolunun inkişafında yeni imkanlar” adlı beynəlxalq konfransda bildirib.
O qeyd edib ki, layihənin (uzunluğu 75,6 km olan dəmir yolunun və Gürcüstanla sərhəddə 4,5 km uzunluğunda tunelin tikintisi üzrə işlər) reallaşdırılmasına Türkiyə tərəfindən investisiya qoyuluşları $700 mln. təşkil edir.
Öz növbəsində Gürcüstanın regional inkişaf və infrastruktur naziri David Şavliaşvili çıxışı zamanı BTC layihəsinin əhəmiyyətindən danışıb və qeyd edib ki, Gürcüstan hökuməti bu cür iri infrastruktur layihələrinin reallaşdırılmasını dəstəkləyir.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tiflis hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
A.Axundov