Suriyanın Kobani şəhərində vuruşan kürd döyüşçülər iddia edirlər ki, şəhəri “İslam dövləti”nin döyüşçülərindən demək olar ki, tam təmizləməyə müvəffəq olublar. Bu barədə cümə günü BBC məlumat verir.
Döyüşçülərin komandirlərindən biri məlumat verib ki, hazırda ekstremistlər Kobaninin şərqində yalnız iki kiçik rayona nəzarət edirlər.
Xatırladaq ki, bu yaxınlarda “İslam dövləti” Türkiyə ilə sərhədə yaxın yerləşən bu şəhərin böyük hissəsinə nəzarəti ələ keçirib. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyası ekstremistlərin mövqelərinə mütəmadi zərbələr endirir.
Kobani “İslam dövləti” qruplaşması üçün strateji əhəmiyyət kəsb edir. Çünki onun işğalı “İŞİD”in Suriyanın Aleppo və Rakka əyalətlərindəki mövqelərini birləşdirməyə, o cümlədən Suriya-Türkiyə sərhədinin böyük hissəsi üzərində nəzarəti həyata keçirməyə imkan verə bilər.