Oktyabrın 18-də Azərbaycan Dövlət “Yug” Teatrında görkəmli rejissor, “Yuğ” Teatrının yaradıcısı, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 65, onun yaratdığı teatrın isə 25 illiyi münasibətilə tədbir keçiriləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tədbirdə V.İbrahimoğlunun mətni əsasında hazırlanan və 1996-cı ildə quruluş verilmiş “Audensiya” tamaşası nümayiş olunacaq. Tamaşada teatrın aktyoru, əməkdar artist Fərhad İsrafilov çıxış edir.
Tədbirdə rejissor Babək Şirinsifətin çəkdiyi “YUĞ” filmi də nümayiş olunacaq.
V.İbrahimoğlu 2011-ci il mayın 12-də 62 yaşında uzunsürən xəstəlikdən sonra vəfat edib. O, 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində çalışıb.
Əməkdar incəsənət xadimi Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən «YUĞ» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. V.İbrahimoğlu Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatıdır.
A.Zeydullayeva