Milli Məclisin deputatı Zahid Oruc “İslam dövləti” qruplaşmasına (İŞİD) qarşı mübarizə aparmaq üçün İraqa qoşun yeridilməsi üçün beynəlxlaq qüvvələrin Türkiyəyə təzyiq göstərməsinə qarşı çıxış edir.
“Mən beynəlxalq qüvvələrin İraq ərazisində İŞİD döyüşçülərinə qarşı qoşun yeridilməsi məsələsində Türkiyəyə təzyiq göstərilməsinin əleyhinəyəm. Ankara niyə İraqa girməlidir, orada baş verən xaosun Türkiyə ilə heç bir əlaqəsi yoxdur”, - deyə Z.Oruc cümə günü Milli Məclisin plenar iclasında çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, əgər qərb dairələri İraqda baş verən qanunsuzluq və xaosa son qoymaqda maraqlıdırlarsa, onlar özləri sabitlik və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün ora daxil olmalıdırlar.
“Əgər İraq qoşunları terrorçulara, İŞİD qüvvələrinə qarşı müharibə apararaq Türkiyəyə girərsə, belə çıxır ki, ölənlər də, öldürənlər də müsəlmanlar olacaq. Və heç kim zəmanət verə bilməz ki, orada istifadə olunan silahlar Türkiyəyə qarşı istifadə olunmayacaq”,- deyə Z.Oruc qeyd edib.
Deputat İraqda sabitliyin bərpa edilməsi üçün Qərbin özünü İraqa girməyə, Türkiyəni bu məsələyə qatmamağa çağırıb.
“Əgər Qərb sabitlik və təhlükəsizlik barədə belə narahat olursa, qeyd etmək lazımdır ki, Ebola virusundan 4,5 min nəfər ölübsə, 2010-cu ildən etibarən regionda 300 mindən çox insan həlak olub. Bu gün Türkiyədə 1,6 mln. qaçqın var, qoy Qərb onlara kömək etsin. Ona görə biz bu gün Türkiyə hakimiyyətinin soyuqqanlı mövqeyini dəstəkləməliyik. Əgər Türkiyə öz qoşunlarını İraqa daxil etsə, bu bataqlıqda ilişib qalacaq”,- deyə o vurğulayıb.
R.Babayev