Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunda biznes strukturlarının maliyyələşdirilməsi üçün prioritet sahələri müəyyənləşdirib. Bu barədə fondun elanında deyilir.
SKMF Qusar rayonunda ixtisaslaşdırılmış "yaşıl market"in, fermer mağazalarının, cins heyvandarlıq, üzümçülük və kartofçuluq təsərrüfatlarının, cır meşə meyvələrinin emalı müəssisəsinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
“Qusar rayonunda fəaliyyət göstərən sahibkarlar bu istiqamətlərdə layihələrini fondun müvəkkil kredit təşkilatlarına təqdim edə, eləcə də fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Bununla yanaşı, sahibkarların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər”, - deyə məlumatda qeyd edilir.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat kredit verməyi planlaşdırır.
A.Əzizov