2014-cü ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun (ARDNF) aktivləri 3,98% - $37 mlrd. 305,3 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında deyilir.
“2014-cü ilin 9 ayı ərzində fondun gəlirləri 10 mlrd. 131,9 mln. manat, xərcləri 8 mlrd. 41,2 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Fondun gəlirləri strukturunda neft və qaz müqavilələrinin həyata keçirilməsindən daxilolmalar 9 mlrd. 969,6 mln. manat, o cümlədən mənfəət nefti və qazının satışından 9 mlrd. 647,8 mln. manat, tranzit gəlirləri 6,8 mln. manat, bonus ödənişləri 13,3 mln. manat, akrhesabı ödənişlər 1,7 mln. manat təşkil edib.
Qeyd olunan dövrdə fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 162,3 mln. manat təşkil edib.
Hesabat dövründə fondun xərcləri strukturunda ən çox məbləğ - 7 mlrd. 399,7 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 254,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 24,8 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 47,5 mln. manat, Azərbaycan tələbələrinin xaricdə təhsil almasına 18 mln. manat, dövlətin mülkiyyətindən olan “Cənub Qaz Dəhlizi” QSC-nin səhmlərinin maliyyələşdirilməsinə 40 mln. manat vəsait ayrılıb.
2014-cü ilin 9 ayı ərzində Türkiyədə “STAR” NEZ-in tikintisinə 223,5 mln. manat, fondun idarə edilməsi ilə bağlı inzibati xərclərə 33,5 mln. manat, qalan vəsait isə digər məqsədlərə yönəldilib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar gəlirləri 962,7 mln. manat təşkil edib. Qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə ARDNF-in büdcədənkənar gəlirləri 3,7 mln. manat, ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların dəyişməsindən yaranan fərq üzrə fondun büdcədənkənar xərcləri isə 966,4 mln. manat məbləğində olub.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qazın nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. mənbələrdən daxil olan gəlirlər toplanır.
Neft Fondu rübdə bir dəfə gəlir və xərcləri barədə hesabat təqdim edir.
A.Əzizov