Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqinin başçılıq etdiyi nümayəndə heyəti 21-27 oktyabr tarixlərində Bakıya səfər edəcək. Bu barədə BVF-nin Bakı ofisinin məlumatında deyilir.
“Səfər çərçivəsində missiya hökumətlə Azərbaycanda makroiqtisadi vəziyyəti müzakirə edəcək, fondun mütəxəssisləri tərəfindən Azərbaycan üzrə proqnozların yenilənməsi məqsədilə ölkədə iqtisadi proseslərin və onların perspektivlərinin qiymətləndirilməsini keçirəcək”, - deyə məlumatda BVF-nin Bakı ofisinin rəhbəri Aygün Qədirliyə istinadən qeyd olunur.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. 2006-cı ildən Azərbaycan hökuməti BVF-dən borc almayıb və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr çərçivəsində makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiya əsasında həyata keçirilir.
Əməkdaşlıq dövründə Azərbaycan BVF ilə iqtisadi islahatların aparılması üzrə əməkdaşlığa dair 6 müxtəlif proqramın həyata keçirilməsinə ümumilikdə $577,3 mln. məbləğində kredit cəlb edib. Azərbaycan hökümətinin fonddan aldığı kreditlər üzrə borcu 2014-cü il yanvarın 1-nə $6 mln. təşkil edir.
A.Əzizov