SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “BP” şirkəti ilə birgə 2015-ci ildə Neft Tullantılarının İdarəedilməsi Mərkəzini istifadəyə verməyi planlaşdırır. Bu barədə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynova çərşənbə axşamı Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, enerji effektivliyi və ətraf mühit” konfransında çxışı zamanı bəyan edib.
“Biz artıq üç aydır mərkəzin tikintisinə başlamışıq və işləri bir il ərzində başa çatdırmağa ümid edirik”, - deyə R.Hüseynova bildirib.
Onun sözlərinə görə, tikinti işlərini SOCAR həyata keçirir, “BP” isə qurğularla məşğuldur.
R.Hüseynova vurğulayıb ki, 2006-cı ildən etibarən SOCAR neftlə çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələrlə məşğul olur. Ümumilikdə neftlə çirklənmiş 1400 hektar torpağın təmizlənməsi nəzərdə tutulur, hazırda 400 hektar ərazi təmizlənib, burada 500 mindən çox ağac və ting əkilib.
Vitse-prezident əlavə edib ki, SOCAR, həmçinin “BP” ilə atmosferə qaz tullantılarının azaldılması üzrə layihələr reallaşdırır. “Həmin layihələr sayəsində biz “Günəşli” və “Neft Daşları” yataqlarından hasil edilən aşağı təzyiqli qazın əhaliyə tədarükü sistemini qurduq, “Çıraq” platformasında yenidənqurma işləri həyata keçirdik. Bu isə əvvəllər atmosferə atılan qazın əhaliyə tədarükünə imkan yaradıb”, - deyə o qeyd edib.
R.Hüseynova vurğulayıb ki, SOCAR “BP” ilə lay sularının emalı və istifadəsi, xüsusilə ağacların sulanması, təkrar laylara vurulması və ya dənizə axıdılması üzrə layihə reallaşdırır.
A.Əzizov