Görkəmli rus yazıçısı Mixail Lermontovun əsərinin XIX əsrdə edilmiş tərcüməsi tapılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) mətbuat xidmətindən məlumat verilib.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov M.Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının XIX əsrdə Bina Əli bəy Qazi Arif Əfəndizadə tərəfindən edilmiş tərcüməsini üzə çıxararaq tədqiqata cəlb edib.
1900-cü ildə tamamlanmış və 523 səhifədən ibarət tərcümə “Bizim vaxtın pəhləvanı hekayələrindən” adlanır. Burada “Maksim Maksimıç”, “Peçorinin dəftərindən”, “Fatalist” hekayələri öz adı ilə verildiyi halda, “Bela”, “Ziba xanım”, “Knyajna Meri ” hekayələri “Meri xanım” adı ilə gedib.
Əsər XIX əsr Azərbaycan tərcümə ədəbiyyatının öyrənilməsi baxımından böyük maraq kəsb edir.
A.Zeydullayeva