“İnterfaks-Azərbaycan” agentliyinin suallarını Nevada Ştatı Assambleyasının üzvü (ABŞ), Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Con Hambrik cavablandırır.
- Azərbaycan və Birləşmiş Ştatlar bir çox sahələrdə strateji tərəfdaşdır. Ölkələrimiz arasında münasibətlərə dair Sizin rəyinizi bilmək istərdik.
- İlk öncə qeyd etmək istərdim ki, xidməti səlahiyyətlərimə görə yalnız öz fikrimi bildirə bilərəm və Birləşmiş Ştatların adından danışmaq hüququm yoxdur.
Ölkələrimiz arasında əməkdaşlıq son dərəcə vacibdir. Azərbaycan bizim üçün çox dəyərlidir. Sizin azadlığa və öz müqəddəratınızı təyin etmək hüququna olan sevginiz bizim Amerikada qiymətləndirdiyimiz və heyran olduğumuz xüsusiyyətlərdir.
- İkitərəfli münasibətlərin səviyyəsini qənaətbəxş hesab edirsinizmi? Son zamanlar Amerika tərəfinin fəaliyyəti, görünür, o qədər də fəal olmayıb.
- Ticari-iqtisadi sahədə münasibətlərin genişləndirilməsini zəruri hesab edirəm. Bundan başqa, Birləşmiş Ştatların bazarında Azərbaycanın fəal reklamı vacibdir. Mən həm biznes imkanlarının, həm də turizm potensialının reklamını nəzərdə tuturam.
- Azərbaycan-Amerika münasibətləri, ilk növbədə sizin qanunvericilik sahəsi üzrə həmkarlarınızın fəaliyyəti nəticəsində korlanır. Sizə elə gəlmirmi ki, Kaliforniya Senatının bu yaxınlarda Dağlıq Qarabağda separatçı rejimin müstəqilliyinin dəstəklənməsinə dair qəbul etdiyi bəyannamə kimi qərarlar bu münasibətlərə xələl gətirir?
- Baxmayaraq ki, mən bu siyasi məsələ ilə konkret tanış deyiləm, lakin xahiş edirəm nəzərdə alasınız ki, Kaliforniya ölkəmin 50 ştatından biridir. Və yalnız bir ştatın qanunvericilərinin hərəkətləri digər 49 ştatın da eyni mövqeyi dəstəkləməsi demək deyil.
- Bu yaxınlarda siz ölkəmizdə səfərdə oldunuz və sayca dördüncü olan Bakı Beynəlxalq Humanitar Forumunun işində iştirak etdiniz. Necə hesab edirsiniz, dünyada çoxlarının məlumatsızlıq səbəbindən Rusiya və ya İranın bir hissəsi hesab etdikləri Azərbaycan qonşu dövlətlərin təsirinə baxmayaraq, özünə xas xüsusiyyətləri qoruyub saxlaya bilibmi?
- Vurğulamaq istərdim ki, Azərbaycan prezidenti İlham Əliyev və ölkə hökuməti respublikanın hüdudlarından kənarda çoxlu çıxışlar etməklə və dünya ictimaiyyətinin diqqətini cəlb etməklə gözəl iş görür. Birləşmiş Ştatların heç də bütün vətəndaşları ölkənizin siyasi mühiti ilə tam olaraq tanış deyil, lakin onlar dəqiq bilirlər ki, siz Rusiya və ya İranın bir hissəsi deyilsiniz.
- Amerikanın Əfqanıstanda hərbi iştirakı Sizin ölkənizin milli təhlükəsizliyi üçün əsas məsələlərdən biridir. Bu ölkədən qoşunların çıxarılmasının məqsəduyğunluğuna dair bəzən hətta ən qızğın müzakirələr nəinki bitmir, əksinə daha da artır. Sizin bu barədə fikriniz nədir?
- Birləşmiş Ştatlar bu yaxınlarda öz qoşunlarının Əfqanıstan ərazisindən çıxarılmasını başa çatdırıb. Amerika xalqı oğul və qızlarının evə dönməsini istəyir.
Söhbət etdi Fuad Hüseynzadə