2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinə vergi borcları 5,4% azalıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında qeyd olunur.
2013-cü il oktyabrın 1-nə olan göstərici ilə müqayisədə vergi borcları 3,3% azalıb.
1 oktyabr 2014-cü il tarixinə Azərbaycanda vergi ödəyicilərinin 5,6%-nin vergi borcu var.
Nazirliyin məlumatına görə, 2014-cü ilin yanvar-sentyabr ayları ərzində 180,689 min vergi ödəyicisi vergi borclarını (cari vergi borcu daxil olmaqla) tamamilə ödəyib.
Məlumatda qeyd edilir ki, cari ilin 9 ayı ərzində vergi orqanları 60,002 min vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edib. Borcluların əmlakının siyahıya alınması hesabat dövründə 45,2 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsini təmin edib.
Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 11,237 min vergi ödəyicisinin 11,7 mln. manatdan çox borcunun dövlət büdcəsinə alınması təmin edilib, 12 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 468 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün üzərlərinə həbs qoyulmaqla onların cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.
Hesabat dövründə səhmdar cəmiyyətlərdə səhmdar (payçı) kimi çıxış edən 1,009 min fiziki şəxs tərəfindən 637,7 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bundan başqa, vergiləri dövlət büdcəsindən yayındırdığına görə 606 vergi ödəyicisi üzrə 26,9 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.
A.Əzizov