İranın IV çağırış Ekspertlər Şurasının sədri ayətullah Məhəmməd Reza Mahdavi Kani 83 yaşında vəfat edib. Bu barədə “Associated Press” agentliyi bu gün məlumat yayıb.
Ayətullah bu ilin iyun ayından komada idi.
1979-cu ildə İran İslam İnqilabından sonra Məhəmməd Reza Mahdavi Kani ölkə rəhbərliyində bir sıra vəzifələri, o cümlədən baş nazir və daxili işlər naziri vəzifələrini tutub.
O, 2011-ci ilin mart ayında Əli Əkbər Haşimi Rəfsəncaninin istefasından sonra Ekspertlər Şurasına rəhbərlik edib.
Agentliyin məlumatına əsasən, Mahdavi Kani mötədil mühafizəkar idi.
Ekspertlər Şurası ölkənin ali rəhbərinin təyin edilməsi və ya vəzifədən azad edilməsinə dair qərarlar qəbul edən xüsusi hakimiyyət orqanıdır.
Ekspertlər Şurası iranlılar tərəfindən 8 il müddətinə seçilmiş 86 müctəhiddən (ilahiyyatçı) ibarətdir. Ekspertlər Şurasının iclasları qapalı keçirilir.
Hazırda İranın rəhbəri ayətullah Əli Xameneyidir.