Azərbaycan XX “Womex” dünya musiqi festivalında təmsil olunacaq. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
“Womex” dünya musiqi festivalı oktyabrın 22-dən 26-dək İspaniyanın Santiaqo de Kompostela şəhərində keçiriləcək.
Bu tədbir dünya musiqi sənayesinin böyük musiqi ticarət yarmarkasıdır. Burada peşəkar musiqi sənətinin son nailiyyətləri nümayiş olunur.
Müxtəlif illərdə bu musiqi sərgisində Azərbaycanı Baba Mahmudoğlu, Zabit Nəbizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov kimi musiqiçilərimiz təmsil ediblər.
Bu il keçiriləcək festivalda Azərbaycanı təqdim etmək məqsədilə milli musiqi alətlərinin sərgilənməsi, müvafiq çap-reklam məhsullarının qonaqlara paylanması və oktyabrın 23-də Elçin Şirinovun rəhbərliyi ilə caz qrupunun konsert proqramı ilə çıxışı nəzərdə tutulur.
A.Zeydullayeva