2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft emalı zavodları (NEZ) istehsalın həcmini ötən ilin analoji dövrü ilə müqayisədə 7,2% - 1 mlrd. 962,7 mln. manata qədər azaldıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə avtomobil benzini istehsalı 13,3% - 911,7 min tona qədər, kerosin istehsalı 1% - 525,1 min tona qədər, dizel yanacağı istehsalı 6,7% - 1 mln. 746,5 min tona qədər, neft bitumu istehsalı 19,4% - 189,2 min tona qədər azalıb.
Yanvar-sentyabr aylarında birbaşa qovulan benzin istehsalında 44,5% - 144,8 min tona qədər, sürtkü yağı istehsalında isə 17,4% - 40,5 min tona qədər artım olub.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) strukturuna daxildir.
A.Axundov