"Azərbaycan Hökuməti və Yaponiya Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” sazişin layihəsi Yaponiyaya təqdim edilib. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri, "İtochu Corporation" şirkətinin vitse-prezidenti Yoiçi Kobayaşi ilə görüşdə bildirib.
Nazirlikdən verilən məlumata görə, Ş.Mustafayev vurğulayıb ki, bu cür sazişin imzalanması iqtisadi əlaqələrin gələcək inkişafı baxımından əhəmiyyətlidir. Onun fikrincə, bu sahədə işlərin sürətləndirməsi məqsədəuyğundur.
Nazir qeyd edib ki, indiyədək ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 17 sənəd imzalanıb. Hazırda Azərbaycanda 19 Yaponiya kapitallı şirkət fəaliyyət göstərir.
Öz növbəsində Y.Kobayaşi iki ölkə arasında əlaqələrin, həmçinin sənaye sahəsində əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu bildirib.
A.Axundov