Azərbaycan son illər ərzində əmək miqrantları və qaçqınlar üçün təyinat ölkəsinə çevrilib və tranzit ərazi kimi də istifadə edilir. Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Şərqi, Cənub-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Renate Heldin bəyan edib.
“Bu, Azərbaycanın Qərblə Şərq arasında yerləşməsindən, o cümlədən iqtisadiyyatını uğurla inkişaf etdirməsindən irəli gəlir”, - deyə o, Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi” layihəsinin təqdimatında vurğulayıb.
Onun sözlərinə görə, insanların yaşayış yerlərini dəyişməsi ilə əlaqədar olan miqrasiya prosesləri yeni kəskin problemlər yaradır.
“Bu gün dünyada 700 mln.-dan artıq daxili miqrant var, onlar müxtəlif təhdidlərə qarşı çox həssasdırlar. Təkcə miqrantların özlərinə deyil, onların ailə üzvlərinə də yardım göstərmək üçün səyləri birləşdirmək lazımdır. Bura məşğulluq və təhsil məsələləri də daxildir”, - deyə R.Heldin bildirib.
O qeyd edib ki, miqrasiya qaçılmaz prosesdir, çünki insanlar yaşamaq üçün daha yaxşı yerlər axtarırlar.
“Miqrasiya prosesləri ölkələrin iqtisadiyyatı, cəmiyyəti və mədəniyyətinə təsir edir”, - deyə direktor vurğulayıb.
Onun sözlərinə görə, 2013-cü ildə miqrantlar öz ölkələrinə $500 mlrd. məbləğində pul köçürmələri həyata keçiriblər, gələcəkdə isə bu rəqəm $700 mlrd.-a çata bilər.
“Bu gün Azərbaycan əhalisi 9,5 mln. nəfərə çatıb. Azərbaycan hökumətinin insan alveri, qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirlərini gücləndirməsi sevindirici haldır”, - deyə BMqT-nin nümayəndəsi bildirib.
R.Babayev