Xarkov vilayətinin Azərbaycan-Ukrayna “Dostluq” cəmiyyətinin İdarə Heyətinin üzvləri Azərbaycanın Milli Qəhrəmanı Ruslan Polovinkanın anadan olmasının 45-ci ildönümü günündə onun xatirəsini yad ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Məlumata əsasən, 21 oktyabr tarixində “Dostluq” cəmiyyətinin İdarə Heyətinin üzvləri Şahin Ömərov, Bayram Vəliyev, Pənah Bəkirov və Yekaterina Bubliy, o cümlədən Azərbaycanın Xarkovdakı diasporunun nümayəndələri Vaqif Almuradov və Elşad Aslanov azərbaycanlıların adından Zmiyov şəhərində R.Polovinkanın məzarına gül dəstəsi qoyublar və qəhrəmanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məzarlığa R.Polovinkanın dostları və qohumları toplaşıb, keşiş qəhrəmanın ruhuna dua oxuyub. R.Polovinka 22 il öncə Qarabağ müharibəsində Kasapet kəndi yaxınlığındakı yüksəklikdə xüsusi əməliyyat zamanı həlak olub.
Xatirə tədbiri Milli Qəhrəmanın ata evində davam edib. Burada toplaşanlara “Dostluq” cəmiyyətinin hazırladığı R.Polovinka haqqında film təqdim edilib.
Ş.Ömərov çıxışı zamanı qəhrəmanın valideynlərinə onu Vətənin əsl müdafiəçisi kimi yetişdirdiklərinə görə minnətdarlığını bildirib və 1992-ci ildə Azərbaycanda hökm sürən vəziyyətə çox bənzəyən Ukraynadakı vəziyyətin tezliklə sabitləşəcəyinə ümidvar olduğunu deyib. Bundan başqa, Ş.Ömərov qəhrəmanın məzarını axtarıb tapan Vesti.az informasiya agentliyinin baş direktorunun birinci müavini Zaur Nurməmmədova, Rəhman Əliyevə, eləcə də Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycanın Ukraynadakı səfirliyi və Azərbaycan Müdafiə Nazirliyinə qəhrəmana “Qızıl ulduz” medalının verilməsi və Ruslanın valideynlərinin pensiya təminatı üçün zəruri sənədlərin rəsmiləşdirilməsi məsələsinin operativ həllinə görə minnətdarlığını bildirib.
Öz növbəsində Ruslanın valideynləri Azərbaycanın Xarkovdakı diasporuna, “Dostluq” cəmiyyətinə və bütün Azərbaycan xalqına Ruslan haqqında tarixi ədalətin bərpasına göstərilən köməyə görə minnətdarlıqlarını bildiriblər.
F.Hüseynzadə