Oğuz rayonunun sakinləri son vaxtlar yaşayış məntəqələrinə yırtıcı heyvanların basqınının çoxaldığını bildirirlər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir. Tülkü, çaqqal və canavarların hücumuna məruz qalan yaşayış məntəqələrində sakinlərə məxsus ev heyvanları və ev quşlarına zərər dəyir. Oğuz rayonun Muxas kəndində vəziyyət daha ağırdır.
Kənd sakinlərinin sözlərinə görə, yırtıcılar artıq evlərə soxulmaqdan belə çəkinmirlər. “Həyət-baca nəzarətsiz qalsa, hər şeyi talan edərlər”, - deyə sakinlər bildirir.
Kənd sakinləri deyirlər ki, dəfələrlə rayonun aidiyyəti orqanlarına müraciət olunmasına baxmayaraq, bu problemin həlli istiqamətində heç bir iş görülməyib.
Vəhşi heyvanların hücumları nəticəsində buradakı ev heyvanları arasında yoluxucu xəstəliklərin artması ehtimalı çoxalır. Kənd camaatının sözlərinə görə, hələ bir neçə gün bundan qabaq kənddə iki iribuynuzli heyvanı və at balasını canavar parçalayıb.
Heyvan sahibləri yoluxucu xəstəliklərin yayılmaması üçün heyvanların leşini dağ kənarında basdırıblar.
İ.Əhmədov