Ankara Universitetində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş “Tarixdə və günümüzdə Naxçıvan” mövzusunda konfrans keçirilib. Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə səfirliyin əməkdaşları, Türkiyə XİN-nin yüksək vəzifəli rəsmiləri, elm adamları və Ankarada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Konfransın açılışında çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və universitetin prorektoru professor Berahitdin Albayrak, Naxçıvanın muxtariyyət statusu almasının tarixi və müasir inkişaf vəziyyətindən bəhs ediblər. Daha sonra Azərbaycan və Türkiyədən olan elm adamları məruzələr ilə çıxış ediblər.
Tədbir iştirakçılarına Heydər və İlham Əliyevlərin həyat və fəaliyyətindən bəhs edən “Böyük insanların həyatı” adlı kitablar, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” əsəri, Naxçıvanın tarixi, mədəniyyəti, müasir inkişaf göstəriciləri ilə bağlı nəşrlər paylanılıb.
R.Babayev