Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının və Kolumbiyanın Bakıdakı müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez və Assad Xose Xater Pena ilə görüşlər keçirib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazir xarici diplomatları regionda mövcud olan hərbi-siyasi vəziyyətlə tanış edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub.
X.L.D.Xuarez ilə görüşdə Z.Həsənov qeyd edib ki, Azərbaycan və İspaniya arasında hərbi əməkdaşlıq həm ikitərəfli formatda, həm də NATO proqramları çərçivəsində inkişaf edir. O münasibətlərin genişləndirilməsi istiqamətində davamlı addımların atılmasını xüsusi vurğulayıb.
Kolumbiyalı diplomatla görüş zamanı tərəflər əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olmasını vurğulayıblar, hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparıblar.
R.Babayev