“Synergy Group” holdinqi 2015-ci ilin ikinci yarısında inşa edilən fibrosement zavodundan ilk məhsulun istehsalını planlaşdırır. Bu barədə “Synergy Group” ASC-nin Yeni Layihələr və İnvestisiyalar departamentinin direktoru Anar Mehdiyev holdinqin mətbuat xidmətinə müsahibəsində bildirib.
“Zavodda eyni zamanda bir neçə istehsal prosesi həyata keçiriləcək. Hər bir proses müasir istehsal zənciri formasında qurulacaqdır. Çeşid barədə desək, bazarda fibrosement materialdan düz panellər, büzməli panellər, yəni dam örtüyü panelləri təqdim etməyi planlaşdırırıq. İlk növbədə dam örtüyünün iki çeşidinin istehsalı təşkil olunacaq”, - deyə A.Mehdiyev qeyd edib.
Onun sözlərinə görə, istehsal xətti sifariş edilib və ilk avadanlıq artıq Azərbaycana gətirilməyə hazırdır. Zavodun ilkin inşaat mərhələsi yekunlaşıb, ikinci mərhələ üzrə işlər davam edir.
“Gürcüstan və Orta Asiya bazarlarının imkanlarını ətraflı öyrənmişik, həmçinin bazarın idxalını əvəzləmək imkanını. Bu səbəbdən, biz artıq layihənin uğurlu olmasını və zavodun məhsullarına tələbatı proqnozlaşdırmağa indidən hazırıq. Biz nəinki sadə fibrosement materialı, əlavə dəyər gətirilmiş fibrosement məhsullar istehsal etmək niyyətindəyik və bunun üçün zavodun daxilində bir çox istehsal sahələri yaradılacaq”, - deyə o bildirib.
A.Mehdiyev əlavə edib ki, məhsulların ixracı müəssisənin əsas hədəfidir.
“Ümumiyyətlə, fibrosement materiallarının reallaşdırılması perspektivləri barədə danışarkən, bilmək lazımdır ki, özünün kütləvi tətbiqini əsasən 1980-ci illərdə Avropadan götürüb. İstənilən tip asbest materiallarının onkoloji xəstəliklərə səbəb olan tərkibə malik olduğu sübuta yetirilməsi Avropa Birliyinin birdəfəlik bu materialdan imtina etməsinə səbəb oldu. Avropa birliyi ölkələri asbestin istifadəsinə qadağanı keçən əsrin 80-ci illərində qoyduğu halda, Türkiyə 2010-cu, İran isə 2012-ci ildə istənilən növ asbestin istehsalı və ya idxalına qadağa qoymuşdur. Orta Asiyada da bu tendensiya güclənir. Bu səbəbdən əminik ki, zavodun tikintisi ilə bütün regionu alternativ materialla təmin edəcəyik”, - deyə A.Mehdiyev vurğulayıb.
O zavodda fibrosementin istehsalına başlayandan sonra Azərbaycan da asbestdən imtinaya hazır olacaq, həmçinin ixracdan az asılılığı və əhalinin ekoloji təmiz tikinti materiallarından istifadəsi təmin olunacaq.
Onun sözlərinə görə, ilk mərhələdə zavodun 250-300 işçi sayına malik olması nəzərdə tutulub.
“Bundan başqa, bu cür investisiyalar özləri də ətrafda əlavə yeni iş yerləri yaradır. Yəni zavodun təchizatı, kommunal ehtiyacları və digər xidmət sahələri üzrə yeni iş yerləri də açılacaq”, - deyə o qeyd edib.
O vurğulayıb ki, zavodda istehsala başlanandan sonra yerli sement zavodları şirkətin simasında yeni sifarişçi əldə edəcəklər.
“Hazırda yerli kimya sənayesi və tikinti srktorunun nümayəndələri ilə danışıqlar aparılır”, - deyə o bildirib.
“Zavod, ildə orta hesabla 5 milyon kvadrat metr məhsul istehsal etmək gücündə olacaq. Bu həcm həm daxili, həm də xarici bazar ehtiyaclarını ödəmək iqtidarındadır”, - deyə holdinqin nümayəndəsi vurğulayıb.
2013-cü ilin may ayında “Synergy Group” ASC Avstriyanın “Maschinenfabrik Liezen und Gießerei Ges.m.b.H.” şirkəti (MFL) ilə Azərbaycanda fibro sement zavodunun tikintisi ilə bağlı anlaşma memorandumu imzalayıb. “Synergy Group” fibro sement zavodunun tikintisi üzrə “Azerbaijan Fibro Cement” MMC-ni təsis edib. Zavod Səngəçal qəsəbəsində "Synergy Group"a daxil olan "AAC" müasir tikinti materialları zavodunun yaxınlığında yerləşəcək
2010-cu ildə təsis edilmiş "Synergy Group" ASC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. "Synergy Group" ASC yüksək inkişaf potensialına malik strateji sənaye sahələrinə sərmayə qoyur və həmin sahələrin müasir beynəlxalq tələblərə uyğun inkişafına çalışır. "Synergy Group“ 24 müxtəlif inkişaf yönümlü şirkətdən ibarətdir. Hazırda qrupun nizamnamə kapitalı 15 mln. manat təşkil edir, lakin 5 il ərzində 50 mln. manata çatdırılacaq.
"Synergy Group“un çoxsektorlu investisiya portfeli aşağıdakı sahələrə iri yatırımlardan ibarətdir: inşaat və tikinti materiallarının istehsalı, turizm, İKT, sənaye və kənd təsərrüfatı. "Synergy Group“a daxil olan şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda fəaliyyət göstərir.
"Synergy Group" ASC-nin investisiya strategiyası sərmayə qoyulan sahələrin uzunmüddətli inkişafı və qoyulan sərmayələrin yüksək rentabelliyinin təmin edilməsinə əsaslanır.
A.Axundov