Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 245,8 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 4,545 min sahibkarın layihələri maliyyələşdirilib.
SKMF cümə axşamı paytaxtın Binəqədi rayonunda sahibkarlığa dövlət dəstəyi mövzusunda tədbir təşkil edib. Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd edilir ki, indiyədək SKMF xətti ilə Bakı və ətraf qəsəbələrdə sahibkarlar 910 layihənin həyata keçirilməsi üçün 202,2 mln. manat məbləğində güzəştli kredit alıblar. Bu layihələr çərçivəsində 7 minə yaxın yeni iş yeri yaradılıb.
“Cümə axaşmı keçirilən tədbir çərçivəsində 34 sahibkarlıq subyekti ümumilikdə 1,8 mln. manat məbləğində güzəştli kredit alıb. Kredit vəsaitləri heyvandarlıq, bağçılıq, quşçuluq, tərəvəzçilik, mebel, qapı-pəncərə istehsalı, müasir istilik kompleksinin yaradılması və s. layihələrin reallaşdırılması üçün ayrılıb. Sahibkarların layihələrinin kreditləşməsi 70-dən çox yeni iş yerinin açılmasina imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.
A.Əzizov