Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamentinin investisiya portfelinin həcmi 2014-cü ilin yanvar-sentyabr aylarında 1,5 dəfə - 175,7 mln. manatadək artıb. Bu barədə bankın mətbuat xidmətindən məlumat verilib.
2014-cü il yanvarın 1-dən 30 sentyabr tarixinə qədər dövrdə əhalinin (hazırda ABB-nin İslam bankçılığı departamentinin fəaliyyəti Bakı şəhərini əhatə edir - İF-Az) əmanətlərinin həcmi təxminən 10 dəfə artıb. Əgər cari ilin yanvar ayının 1-nə əmanətlərin ümumi həcmi 1,69 mln. manat idisə, oktyabrın əvvəlinə bu göstərici 10,1 mln. manatadək artıb.
ABB-nin İslam bankçılığı departamenti tərəfindən beynəlxalq maliyyə bazarından cəlb olunan vəsaitin ümumi həcmi $218,7 mln. təşkil edir.
ABB ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra ABB-nin İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. ABB-nin “İslam pəncərəsi” müştərilərə xidmət göstərməyə aprel ayından başlayıb. Bank tərəfindən təklif edilən xidmətlərin spektrinə İslam bankçılığının icarə - ənənəvi lizinqin analoqu, vəkalə depozit - ənənəvi depozitin analoqu, İslam bank kartları, Qard Hasan hesablarının açılması daxildir
ABB 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur.
A.Axundov