Ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Gəncə və Ağstafada məntəqə sədrləri və dairə seçki komissiyalarının üzvləri üçün marifləndirici seminarlara start verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Belə gözəl şəraitdədə dairə seçki komisiyaları da, məntəqə seçki komisiyaları da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər. Və inanırıq ki, qarşıdakı bələdiyyə seçkiləri də keçənilki prezident seçkiləri kimi açıq, şəffaf və demokratik şəraitdə keçiriləcək” – deyə Gəncə keçirilən seminarda MSK-nın üzvü Bəxşeyş Əsgərov bildirib.
Gəncədəki 37, 38, 39 və 40 saylı DSK-ları əhatə edən seminarda bələdiyyə seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi, səslərin hesablanması, nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili müzakirə olunur.Maarifləndirmə işi oktyabrın 24-dək davam edəcək.
Gəncədə 4 dairənin 107 məntəqəsi üzrə 144540 seçici qeydiyyata alınıb.
Ağstafada keçirilən ixtisaslaşdırılmış kurslarda seçici siyahıları ilə işin aparılması, bildirişlərin seçicilərə çatdırılması, rəsmi seçki sənədlərinin daşınması, saxlanılması və bu kimi seçki hüquqlarının qorunması mexanizmlərindən bəhs olunur.
“Bu gün məntəqə seçki komissiyaları üçün yeni oturacaqlar və kabinələr gətirilib və məntəqə seçki komissiyalarına paylanılır” – deyə 108 saylı DSK-nın sədri Teymurlan Eyyubov bildirib.
108 saylı Ağstafa DSK-nın 38 seçki məntəqəsində 41518 seçicisi var.
Azərbaycanda növbəti bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək.
F.Mehdiyev