Azərbaycanda səfərdə olan Avropa Şurasının insan haqları üzrə komissarı Nils Mujnieks respublikada insan haqqlarının təminatı məsələlərini müzakirə etmək və həbsdə olan hüquq müdafiəçiləri ilə görüşməyi planlaşdırır.
“Bəzi KİV-in məlumatlarının əksinə olaraq, mən Azərbaycana konfransda iştirak etmək üçün deyil, həbsdə olan hüquq müdafiəçiləri, onların vəkilləri və ailə üzvləri ilə görüşmək, həmçinin hökumətlə söz və sərbəst toplaşmaq azadlığının təkmilləşdirilməsi yolları barədə dialoqu davam etdirmək məqsədilə gəlmişəm”, - deyə N.Mujnieks “Facebook”dakı səhifəsində yazıb.
Öncə bəzi KİV-lər məlumat veriblər ki, AŞ-nın komissarının 22-24 oktyabr tarixlərində Azərbaycana səfərinin məqsədi İnsan Haqqları və Fundamental azadlıqlara dair Avropa Konvensiyasının tətbiqi mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransda iştirak etməkdir.
F.Hüseynzadə