Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsaslı təmirdən çıxaraq daha güclü mühərrik və qurğularla təmin edilmiş Hərbi Dəniz Qüvvələrinin gəmilərində olub. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Hərbi gəmilərin daimi yerləşmə məntəqəsində Hərbi Dəniz Qüvvələri komandanının vəzifələrini icra edən 1-ci dərəcəli kapitan Şahin Məmmədov nazirə gəmilərin hazırlığı barədə məruzə edib.
Z.Həsənova hərbi gəmilərin taktiki-texniki xüsusiyyətləri, silahlanması, düşmənə qarşı mübarizə vasitələri, komanda məntəqələri, o cümlədən təhlükəsizlik, qəza-xilasetmə, maddi-texniki təminat bölmələri barədə məlumat verilib.
Qeyd edilib ki, gəmi heyətinin yerləşməsi, qidalanmasının təşkili, vaxta xidmətinin aparılması, həmçinin həyati vacib digər qurğular yenidən təşkil edilməklə şəxsi heyətin müasir standartlara cavab verən şəraitdə xidmət keçməsi təmin olunub.
Sonra gəmilərin daimi yerləşmə məntəqəsindən dənizə çıxışı həyata keçirilib. Tapşırığa əsasən şərti terrorçuların ələ keçirdiyi gəminin şəxsi heyətinin xüsusi təyinatlılar tərəfindən azad edilməsi elementi icra olunub.
Nazir gəmilərin ümumi vəziyyətini və şəxsi heyətin bacarıqlarını müsbət qiymətləndirib. Z.Həsənov həmçinin Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığının daha da artırılması və gəmi heyətinin sosial şəraitinin yaxşılaşdırılması barədə müvafiq göstəriş və tapşırıqlarını verib.
R.Babayev