Dünən N.Nərimanov adına NQÇİ-də baş vermiş qəza nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) və Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən dənizin dibindən tapılaraq sahilə çıxarlılıb. Bu barədə şirkətin saytında məlumat verilir.
İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.
Xəbər verildiyi kimi, oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş verib.
Uçqun nəticəsində meydançada olan vaqon evcik dənizə düşüb, meydançanın üstündən keçən 700 diametrlik boru kəməri qırılıb və yanğın baş verib. Saat 12.45 radələrində yanğın söndürülüb.
Uçqun zamanı ərazidə cəmi 41 nəfər işçi olub. Hadisə baş verəndən dərhal sonra qəza xilasetmə briqadası tərəfindən görülən operativ tədbirlər nəticəsində 37 nəfər ərazidən çıxarılaraq “Orion-15” və “PSK-52” gəmiləri vasitəsi ilə sahilə gətirilib.
İşçilərin arasında müxtəlif dərəcəli xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.
A.Əzizov