Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2006-2014-cü illərdə “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin maliyyələşdirilməsinə 1 mlrd. 94,3 mln. manat vəsait yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Həmçinin 2014-cü ilin 9 ayı ərzində fond layihənin reallaşdırılmasına 24,8 mln. manat vəsait yönəldib”, - deyə ARDNF-dən qeyd ediblər.
Fondun məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında 8,5 mln. manat Taxtakörpü
su anbarı və su elektrik stansiyasının tikintisinə yönəldilib. Ümumilikdə, 2006-cı ildən etibarən bu məqsədlərə 519,7 mln. manat vəsait ayrılıb.
Bundan başqa, 9 ay ərzində Taxtakörpü-Ceyranbatan kanalının tikintisinə 2,4 mln. manat ayrılıb. 30 sentyabr tarixinə bu vəsaitin ümumi həcmi 393,1 mln. manat təşkil edib.
Cari ildə Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə 450 min manat, 2009-2014-cü illərdə 129,4 mln. manat yönəldilib.
Bu il qalan vəsait Samur-Abşeron kanalının yenidən qurulması çərçivəsində digər layihələrə ayrılıb.
A.Əzizov