Beynəlxalaq Maliyyə Korporasiyası (IFC) mikro, kiçik və orta sahibkarlığın (MSME) kreditləşdirilməsinin inkişafı üçün “TuranBank”a $7 mln. məbləğində kredit ayırmağı planlaşdırır. Bu barədə korporasiyanın saytında məlumat verilir.
İFC-nin Direktorlar Şurası noyabrın 21-də Azərbaycan bankına kredit vəsaitlərinin verilməsi məsələsinə baxmağı planlaşdırır.
Kreditləşmənin məqsədi bankın MSME sektorunda əməliyyatlarının dəstəklənməsi, diversifikasiya və fondlaşdırılmasının asanlaşdırılması, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasıdır.
Məlumatda qeyd edilir ki, “TuranBank” 2007-ci ildən etibarən MSME seqmentində aktiv əməliyyatlar həyata keçirir.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları 6 hüquqi (29,11% pay) və 22 fiziki şəxsdir (70,89% pay).
Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Əməkdaşlıq dövründə korporasiya Azərbaycanda 73 layihənin maliyyələşdirilməsinə $414 mln. yönəldib. Bundan başqa, İFC bu layihələrin reallaşdırılması üçün digər kredit təşkilatlarından $73 mln. vəsaitin cəlb olunmasına yardım edib.
A.Əzizov