Azərbaycanda xüsusi təhsilin inkişafı prioritet istiqamətlərdən biridir. Bu barədə təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
O bildirib ki, bu il ilk-peşə ixtisas təhsili müəssisələrinə qəbul planı əmək bazarının tələbləri araşdırılaraq tərtib edilib.
“2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 1692 nəfər işə qəbul olunub. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40% artıb”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya veriləcək, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödəniləcək.
Qeyd etmək lazımdır ki, dəyişikliklərdən əvvəl həmin vəsaitlərin həcmi müvafiq olaraq 40 və 70 manat təşkil edirdi. Beləliklə, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə veriləcək kompensasiya və əlavənin ümumi miqdarı 160 manat olacaq.
M.Cabbarov, həmçinin bildirib ki, 3 illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətinə kompensasiya və əməkhaqqına əlavə ödəniləcək.
Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. 547 nəfər pedaqoji kadr müsabiqədə iştirak etmək üçün müraciət edib, 3 mərhələli müsabiqə mexanizmi əsasında 50 nəfər seçilib və təlimlərə cəlb olunub”, - deyə nazir əlavə edib.
Onun sözlərinə görə, təlimlərdə uğur qazanmış şəxslərdən 15 nəfəri Bakı şəhərinin ümumi təhsil məktəblərində vakant direktor vəzifəsinə təyin edilib. Yeni mexanizm daha da təkmilləşdirilərək geniş səviyyədə tətbiq olunacaq.
Bundan başqa, o qeyd edib ki, 2014-2015-ci illərdən etibarən müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı isə 5 illik tədris planı əsasında aparılacaq.
A.Zeydullayeva