Azərbaycan ölkə vətəndaşlarının hüquqlarının pozulması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə daha az müraciət etmələri üçün məhkəmələrin işini təkmilləşdirməyə çalışır. Bu barədə cümə günü jurnalistlərə Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirib.
“Azərbaycan Avropa Məhkəməsinə müraciətlərin sayının azalması üçün əlindən gələni edir”, - deyə o, "İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində vurğulayıb.
Onun sözlərinə görə, bu istiqamətdə ölkədə fəal iş aparılır, təlim və seminarlar təşkil olunur.
R.Rzayev qeyd edib ki, 2000-2014-cü illərdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan üzrə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının normalarının pozulmasına dair 85 fakt aşkar edib.
“Əgər Avropa Məhkəməsinin bəzi dövlətlər üzrə hər il 200-300 pozuntu aşkar etdiyini nəzərə alsaq, bu, o qədər də yüksək göstərici deyil. Buna baxmayaraq, bu məlumatlar bizi qane etmir və öz növbəmizdə Avropa Məhkəməsinin Azərbaycanla bağlı pozuntular aşkar etdiyi işlərin təhlili ilə məşğul oluruq”, - deyə o vurğulayıb.
R.Babayev