Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq konfransda iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Geologiya-minerologiya üzrə fəlsəfə doktorları Məlahət Əfəndiyeva və Gülxar İsmayılova, həmçinin kiçik elmi işçi Rəqsanə Əsgərova Turin şəhərində təşkil olunmuş Aralıq Dənizinin Neogen Stratiqrafiyasının Regional Komitəsinin “Messinian duzluluq böhranı: geologiya və geobiologiya üzrə” adlı beynəlxalq konfransda çıxış ediblər.
Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, İtaliya və digər Avropa ölkələrindən olan alimlərin də çıxış etdiyi tədbirdə Alp dağları ərazisində yerləşən müxtəlif regionların stratiqrafiya, paleontologiya, litologiya və palecoğrafiyasına dair məruzələr dinlənilib. Yer elmlərinin müxtəlif istiqamətlərində əldə olunmuş yeni nailiyyətlər haqqında məlumatlar verilib.
A.Zeydullayeva