Azərbaycan ermənilər tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsinə yardım etmək xahişi ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edir. Bu barədə cümə günü jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
“Bütün qaçqınların adından ona müraciət edərək, obyektiv münasibət nümayiş etdirməyi və girovların erməni cinayətkarların əlindən azad edilməsinə yardım etməyi xahiş edirik. Onlardan biri Rusiya vətəndaşıdır”, - deyə baş nazirin müavini vurğulayıb.
Onun sözlərinə görə, D.Əsgərov və Ş.Quliyevə qeyri-insani münasibət göstərilir, erməni tərəfi onları bütün beynəlxalq norma və qanunlara zidd olaraq cəzalandırır.
“Lakin əgər cənab Putin arzu edərsə, buna mane ola bilər. Girovlardan biri Rusiya vətəndaşıdır. Hər iki girov Rusiya ilə bağlıdır. Dilqəm özü, Şahbazın isə həyat yoldaşı Rusiya vətəndaşıdır”, - deyə Ə.Həsənov vurğulayıb.
Ş.Quliyev və D.Əsgərov bu ilin iyul ayının əvvəlində işğal altında olan Kəlbəcər rayonu ərazisində erməni hərbçilər tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə ermənilər tərəfindən öldürülüb.
Ermənistan tərəfi bu şəxslərin Azərbaycanın kəşfiyyat-diversiya qrupunun üzvləri olduğunu bildirir. Lakin Azərbaycan Müdafiə Nazirliyi onların respublikanın Silahlı Qüvvələrində xidmət etməsi barədə məlumatı təkzib edib. H.Həsənovun meyiti oktyabr ayının əvvəlində Azərbaycana qaytarılıb.
R.Babayev