Avropa Şurasının Nazirlər Komitəsində sədrlik edən Azərbaycan Avropanın müvafiq qurumları ilə fəal əməkdaşlıq edir. Bu barədə prezident İlham Əliyev İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Din Şpilmanla görüşdə bəyan edib.
Dövlət başçısının saytında verilən məlumata görə, Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlərin əhəmiyyətini qeyd edən İ.Əliyev Bakıda keçirilən “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyasının ölkədaxili tətbiqində milli hakimlərin rolu” mövzusunda beynəlxalq konfransın əlaqələrin genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.
Öz növbəsində D.Şpilman konfransın Avropa ölkələri hakimləri arasında dialoqun inkişaf etdirilməsi və Azərbaycanda məhkəmə sisteminin daha da təkmilləşdirilməsi baxımından önəmini vurğulayıb.
Görüşdə Azərbaycan ilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
R.Babayev