Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2014-cü ilin yanvar-sentyabr aylarında 6,42 min nəfər işçinin işəgötürənlə əmək müqaviləsini rəsmiləşdirib. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ƏƏSMN-in 9 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında bəyan edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hesabat dövrü ərzində əmək müfəttişləri 418,207 min manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin ediblər.
Nazir qeyd edib ki, 9 ay ərzində əmək qanunvericiliyinin pozulması hallarına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 41,1%-i, yəni 1 mln. 411,6 min manat dövlət büdcəsinə ödənilib.
S.Müslümov, həmçinin Azərbaycan prezidentinin fərmanı ilə 1 iyul tarixindən tətbiq edilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə toxunub.
“Qısa müddət ərzində mükəmməl proqram təminatı əsasında formalaşdırılan və bu gün tam fəaliyyətdə olan bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib”, - deyə o vurğulayıb.
Bundan əlavə, S.Müslümov əlillərin mənzillə təmin edilməsi məsələsinə də toxunub.
“Son 9 ay ərzində bir sıra rayonlarda 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. Bu ilin sonuna kimi ayrı-ayrı bölgələrdə də yeni yaşayış binaları istifadəyə verilməklə, daha 198 nəfər müharibə əlili və şəhid ailəsinə mənzil veriləcək. Dövlət başçısının 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən isə 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hesabat dövründə dövlət Qarabağ müharibəsi, 20 Yanvar, Böyük Vətən müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət 1,453 min nəfəri avtomobillə təmin edib.
R.Babayev