Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidməti İmişli rayonunda iribuynuzlu mal-qara arasında yayılmış nodulyar dermatit xəstəliyinə qarşı bütün qüvvələrini səfərbər edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
İmişli rayonunun bir sıra kəndlərində iribuynuzlu mal-qara arasında xəstəliyin kliniki əlamətləri müşahidə edilir.
Yaranmış vəziyyətlə əlaqədar Dövlət Baytarlıq Xidmətinin rəis müavini Azər Süleymanov İmişli rayonuna ezamiyyətə göndərilib.
A.Süleymanovun rəhbərliyi ilə rayonda dezinfeksiya işləri, eləcə də heyvanların simptomatik müayinəsi aparılıb. O, İmişli rayonunun kəndlərində virusun aşkarlandığı bütün təsərrüfatlara baş çəkib.
Hazırda xəstəliyin yayılma dinamikası zəifləyib.
A.Süleymanov fermerlərlə görüşdə bildirib ki, Dövlət Baytarlıq Xidməti virusla mübarizə aparmaq üçün qüvvələrini səfərbər edib.
A.Zeydullayeva