Göygöl rayonunda əhalinin içməli suya tələbatını ödəmək üçün Kürəkçaydan ümumi uzunluğu 25 km olan magsitral xətt çəkilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Göygöl rayon Su-Kanal İdarəsinin rəisi Veyis Veyisov məlumat verib.
“Rayonun üç istiqamətində ümumi tutumu 6 min kubmetr olan su anbarları inşa edilib. Su qəbuledici, təmizləyici və ötürücü qurğu quraşdırılıb. Əhaliyə verilən içməli suyun təmizliyi yeni yaradılan laboratoriyada yoxlanılır”, – deyə o bildirib.
Görülən tədbirlər nəticəsində Göygöl şəhəri və rayonun 7 kəndi 24 saat içməli su ilə tam təmin edilib.
“Qışda Göygöl şəhərində və kəndlərdə vətəndaşların heç bir problemi olmayacaq. Qış mövsümündə Yeni Zod və Mixaylovkanı içməli su ilə təmin edən nasos stansiyalarına “Azərsu” tərəfindən əlavə mühərriklər gətirilib”, – deyə idarə rəisi qeyd edib.
V.Veyisov məlumat verib ki, rayonun digər kəndlərinin də daimi içməli su ilə təminatı ilə bağlı daxili su şəbəkəsinin layihəsi hazırlanır.
Göygöl Su-Kanal İdarəsi 8,1 min abonentə xidmət göstərir ki, onların da 5 mini rayon mərkəzində yaşayır.
F.Mehdiyev