Azərbaycan Tibb Universitetinin (ATU) rezidentləri Türkiyədə təcrübə keçəcəklər. Bu barədə ATU-nun mətbuat xidmətindən məlumat verilib.
Bu qərar ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanovla Türkiyənin keçmiş səhiyyə naziri Recep Akdağ arasında görüş zamanı qəbul edilib.
Görüş Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında keçirilib.
Görüş zamanı Ə.Əmiraslanov universitetin fəaliyyəti, tədris proqramları, mövcud fakültə və ixtisaslar, tələbə və rezidentlərin uğurları haqqında danışıb.
Qonaqlara klinikaların fəaliyyəti barədə məlumat verən rektor deyib ki, ATU Azərbaycanda yeganə tibb təhsili müəssisəsi olduğundan hər il universitetə 1 minə yaxın tələbə qəbul olur.
Rektor, həmçinin məlumat verib ki, hazırda universitetdə 7 mindən çox tələbə təhsil alır, onların 1,1 min nəfəri 18 ölkənin, əsasən Türkiyə vətəndaşlarıdır.
O, rezidentlərin bir çox xarici ölkələrdə, o cümlədən Türkiyədə təcrübə keçdiyini bildirib.
AMU-nun rektoru bu sahədə Türkiyə tərəfi ilə əməkdaşlığa ümid etdiyini deyib.
Öz növbəsində R.Akdağ əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Azərbaycan rezidentlərinin Ankara şəhərindəki klinikalara göndərilməsi haqqında razılıq əldə olunub.
Görüşün sonunda tərəflər gələcək əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi aparıblar.
A.Zeydullayeva