Azərbaycanın cənub regionunda canavarın evə hücum etməsi nəticəsində bir ailənin dörd uşağı xəsarət alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Cəlilabad Rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata əsasən, Cəlilabad rayonunun Buravar kəndində canavar kənd sakini Yusif Şahmarovun evinə soxulub. Hadisə zamanı evdə ev sahibinin oğlu və 3 qızı olub. Birinci Aygün Şahmarova (2006-cı il təvəllüdlü) evin eyvanında canavarın hücumuna məruz qalıb. Onun qışqırığına digər uşaqlar da evdən bayıra çıxıblar, nəticədə canavar onları da yaralayıb. Lakin sonda Vüsal Şahmarov canavarı öldürə bilib.
Yaralılar mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Burada onlara quduzluğa qarşı peyvənd vurulub. Heyvanın cəsədi isə mümkün infeksiyaların olub-olmaması ilə bağlı müayinə ediləcək.
C.Həmidov