“Şahdəniz” yatağının işlənməyə başlandığı 2004-cü ilin dekabr ayından 2014-cü il oktyabrın 1-nə qədər bu yataqdan ümumilikdə 55 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bazar ertəsi Bakıda keçirilən Enerji Tənzimləyicilərinin Beynəlxalq Assosiasiyasının (ERRA) və Enerji Tənzimlənməsi üzrə 13-cü illik konfransında çıxışı zamanı məlumat verib.
“Bu dövr ərzində “Şahdəniz” yatağından 14 mln. ton kondensat hasil edilib”, - deyə X.Yusifzadə bildirib.
Yataqdan hasilatın sutkalıq həcmi 27 mln. kubmetr qaz və 7 min ton kondensat təşkil edir. Onun sözlərinə görə, “Şahdəniz” yatağının işlənməsinə başlanandan Gürcüstana 4 mlrd. kubmetr, Türkiyəyə 30 mlrd. kubmetr qaz ixrac edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından “Mərhələ-1” çərçivəsində $4,1 mlrd. dəyərində qaz hasil edilir. “Mərhələ-1” çərçivəsində hasilatın ən yüksək səviyyəsi ildə 9 mlrd. kubmetr təşkil edir, lakin bu həcmin 10,4 mlrd. kubmetrə qədər artırılması planlaşdırılır.
“Mərhələ-1” çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan arasında qaz satışı haqqında sazişlər bağlanıb. “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz qaz kəməri (Azərbaycan ərazisində 442 km və Gürcüstan ərazisində 248 km) çəkilib.
A.Axundov