Bakı Ali Neft Məktəbi (BANM) və Böyük Britaniyanın London Kral Kolleci (King`s College London) arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
Belə ki, dünyanın ən qabaqcıl universitetlərindən biri olan London Kral Kollecinin Beynəlxalq marketinq üzrə departament müdiri Nelli Soloqaşvili və beynəlxalq əlaqələr üzrə baş mütəxəssisi Bakı Ali Neft Məktəbində olublar.
Məktəbin rektoru Elmar Qasımov kollecin nümayəndələrini BANM-in yaranma tarixi, əsas hədəfləri, məqsədləri, fəaliyyət strategiyası və tədris sistemi haqqında məlumatlandırıb. O, ali məktəbin əsas məqsədinin beynəlxalq standartlara, sənayenin müasir tələblərinə cavab verən ingilis dilli yüksəkixtisaslı kadrların hazırlanması olduğunu bildirib.
Həmçinin rektor BANM-in dünyanın neft-qaz, kimya mühəndisliyi və digər texniki elmlər üzrə ali təhsil verən müəssisələri ilə və Böyük Britaniyanın Heriot-Vatt Universiteti, neft-qaz şirkətləri ilə sıx münasibətlərinin olmasını vurğulayıb.
E.Qasımov bəyan edeib ki, BANM geniş təcrübə əldə etmək məqsədilə qeyd olunan təhsil müəssisələrində tələbələrin təhsilinə böyük önəm verir.
Bundan başqa, rektor BANM-in tikilməkdə olan yeni və müasir kampusunun Qafqaz regionunda ən böyük kampus olacağını qonaqların nəzərinə çatdıraraq, orada yaradılan hər cür şərait haqqında geniş məlumat verib.
Görüş çərçivəsində E.Qasımov London Kral Kollecində kimya mühəndisliyi ixtisası üzrə əməkdaşlığın qurulmasında BANM-in maraqlı olduğunu qonaqların diqqətinə çatdırıb. Bununla əlaqədar olaraq London Kral Kollecinin rektorunu Bakıya və BANM-də qonaq olmağa dəvət edib, Azərbaycanda ali təhsil məktəblərinin rektorları ilə görüş keçirməyi təklif edib.
Öz növbəsində London Kral Kollecinin əməkdaşları BANM-də qonaq olmaqdan məmnunluq ifadə edərək, təmsil etdikləri universitet haqqında ətraflı məlumat verib, xarici tələbələrin Kral Kollecinin proqramları üzrə doktorontura səviyyəsində təhsil almalarında maraqlı olduqlarını nəzərə çatdırıblar.
Görüşün sonunda BANM tələbələrinin gələcəkdə Londonun Kral Kollecində texniki ixtisaslar üzrə magistratura və doktorantura səviyyəsində təhsil almalarının indiki imkanları və qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Eyni zamanda London Kral Kollecinin yüksəkixtisaslı kadrlar tərəfindən professional kursların və treninqlərin BANM-də keçirilməsi təklif olunub, universitetlər arasında ikitərəfli əməkdaşlığın qurulması istiqamətində təkliflər və tövsiyələr verilib.
A.Zeydullayeva