Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) 2015-ci ilin mart ayının əvvəlində Azərbaycanın maliyyə sektorunun II qiymətləndirilməsinə (FSAP) başlamağı planlaşdırır. Bu barədə Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi bazar ertəsi Bakıda mətbuat konfransında bildirib.
“İyun ayına qədər maliyyə sektorunun qiymətləndirilməsini başa çatdırmağa hazır olacağıq”, - deyə R.Almarzoqi “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında bəyan edib.
Onun sözlərinə görə, qiymətləndirmənin aparılmasına hazırlıq məqsədilə BVF-nin missiyası noyabrın 24-də Bakıya səfər edəcək.
O qeyd edib ki, BVF-nin qiymətləndirməsi bütün maliyyə əməliyyatlarını əhatə edəcək.
R.Almarzoqinin başçılıq etdiyi BVF missiyası 21 oktyabr tarixindən Bakıdadır və bazar ertəsi səfər başa çatır. Səfər çərçivəsində missiya hökumətlə respublikada makroiqtisadi vəziyyəti müzakirə edib, fondun mütəxəssisləri tərəfindən Azərbaycan üzrə proqnozların yenilənməsi məqsədilə iqtisadi prosesləri və onların perspektivlərini qiymətləndirib.
Xəbər verildiyi kimi, BVF və DB 2003-cü ildə Azərbaycanın maliyyə sektorunun ilk qiymətləndirilməsini keçirib.
A.Axundov