Özəl sektorun fəaliyyəti üçün biznes mühitin yaxşılaşdırılması Azərbaycan hökumətinə 2021-ci ilə qədər ÜDM-in iki dəfə artırılması vəzifəsini yerinə yetirməyə imkan verəcək. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Raca Almarzoqi belə hesab edir.
“Əgər hökumət özəl sektorun fəaliyyəti üçün mühiti yaxşılaşdırsa, antikorrupsiya proqramlarını genişləndirsə, Rəqabət Məcəlləsini qəbul etsə və ticarət üçün maneələri aradan qaldırsa, o zaman ölkəyə özəl investisiyaları artıra biləcək, bu isə dövlət investisiyalarının azalmasını kompensasiya edir. Əgər hökumət özəl sektorla bağlı vəziyyəti yaxşılaşdırmağa müvəffəq olmasa, bu məqsədə (2020-ci ildə ÜDM-i iki dəfə artırmaq - İF-Az) nail olmaq çətin olacaq”, - deyə R.Almarzoqi bazar ertəsi Bakıda keçirdiyi mətbuat konfransında “İnterfaks-Azərbyacan” agentliyinin müxbirinin sualına cavabında bildirib.
Onun sözlərinə görə, BVF 2014-cü ildə Azərbaycanda ÜDM-in 4% səviyyəsində artımını gözləyir. “2015-ci ildə iqtisadi artım templəri 3,5% təşkil edəcək, bu isə neft hasilatında davam edən azalma, həmçinin qeyri-neft sektorunda ehtiyatlı büdcə-vergi siyasəti və zəruri makroprudensial sərtləşmə ilə əlaqədardır”, - deyə o qeyd edib.
R.Almarzoqi əlavə edib ki, 2014-2015-ci illərdə Azərbaycanda inflyasiya illik 3% səviyyəsində gözlənilir.
R.Almarzoqinin rəhbərlik etdiyi missiyanın Bakıya səfəri bu gün başa çatır. Səfər çərçivəsində missiya hökumətlə respublikada makroiqtisadi vəziyyəti müzakirə edib, fondun mütəxəssisləri tərəfindən Azərbaycan üzrə proqnozların yenilənməsi məqsədilə ölkədəki iqtisadi prosesləri və onların perspektivlərini qiymətləndirib.
A.Axundov