Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bəyan edir ki, İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələdir.
“Hər kəsin dini etiqad azadlığı var. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir”, - deyə M.Qurbanlı bazaar ertəsi Şəkidə keçirilən “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfransda bildirib.
“Ancaq unutmaq lazım deyil ki, hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meylləri artmaqdadır. Odur ki, dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalıdır. Ölkə dindarlarını xarici təsirlərdən qorumaq daha çox ruhanilərin üzərinə düşən məsuliyyətdir”, - deyə komitə sədri qeyd edib.
Öz növbəsində Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qeyd edib ki, Azərbaycanda dövlət və din arasında münasibətlərdə əlverişli mühit mövcuddur.
“Ölkədə dövlət-din münasibətləri yüksək səviyyədədir. Müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq”, - deyə E.Usubov vurğulayıb.
Milli Məclisin deputatı Yaqub Mahmudov qeyd edib ki, İslam dini humanist dindir. O, Azərbaycanda digər konfessiyalara da diqqət və qayğının göstərildiyini vurğulayıb.
F.İsazadə