Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Fransa Respublikasının prezidenti Fransua Ollandın görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı status-kvonun dəyişdirilməsinin vacibliyi vurğulanıb. Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparılıb. Münaqişə ilə bağlı status-kvonun dəyişdirilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulanıb.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.
Bundan başqa, “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparılıb.